Beynəlxalq Əməkdaşlıq memorandumları
AZƏRBAYCAN RESPUBLIKASI ƏMLAK MƏSƏLƏLƏRI DÖVLƏT KOMITƏSININ
    BEYNƏLXALQ ƏMƏKDAŞLIQ SAHƏSINDƏ
2016-CI ILIN YANVAR – SENTYABR AYLARI ƏRZINDƏ GÖRDÜYÜ IŞLƏRƏ DAIR
 
M Ə L U M A T

 

 

 


  • İkitərəfli əməkdaşlıq


 

İkitərəfli əməkdaşlıq əlaqələrinin inkişaf etdirilməsi çərçivəsində 15 aprel 2015-ci il tarixində Meksika Birləşmiş Ştatlarının Azərbaycandakı Səfiri cənab Rodriqo Labardini ilə ƏMDK sədri arasında görüş keçirilmişdir. Görüşün məqsədi ilkin tanışlıq və Komitənin funksiyaları çərçivəsində Meksika ilə Azərbaycan arasında əməkdaşlıq əlaqələrinin müzakirəsi olmuşdur. Bununla yanaşı, Meksika Ştatlarında ƏMDK-nın mandatlarına uyğun fəaliyyət göstərən dövlət qurumları ilə əməkdaşlıq əlaqələrinin qurulması, habelə aidiyyəti sahələr üzrə bilik və təcrübə mübadiləsinin həyata keçirilməsi, qarşılıqlı səfərlərin təşkili, eləcə də digər sahələrdə əməkdaşlığın həyata keçirilməsinə köməklik göstərilməsi barədə fikir mübadiləsi aparılmışdır.
İkitərəfli əməkdaşlıq əlaqələrinin qurulması və inkişaf etdirilməsi çərçivəsində əvvəl işçi qaydada, daha sonra ölkədaxili prosedurlardan keçirərək diplomatik kanallar vasitəsilə Rusiya Federasiyasının Dövlət Qeydiyyatı, Kadastrı və Xəritəçəkmə üzrə Federal Xidmətinə və Belarus Respublikasının Dövlət Əmlak Komitəsinə əməkdaşlıq haqqında Anlaşma Memorandumu və Saziş layihələri təqdim edilmişdir.
Bolqarıstan Respublikasının Özəlləşdirmə və Özəlləşdirmədənsonra Nəzarət Agentliyinin icraçı direktoru cənab Emil Karanikolovun Əmlak Məsələləri Dövlət Komitəsinin nümayəndə heyətinin Bolqarıstana dəvət məktubu qəbul edilmişdir.
Torpaq münasibətlərinin tənzimlənməsi, daşınmaz əmlakın qeydiyyatı sisteminin təkmilləşdirilməsi, habelə torpaqların kadastrı və xəritəçəkmə sahəsində müasir texnologiyaların tətbiqi işində Azərbaycanın böyük uğurlara nail olduğu və ölkəmizin bu sahədəki təcrübəsindən yararlanmaq məqsədi ilə Tacikistanın Daşınmaz Əmlakın Reyestri və Kadastrı Qurumu öz mütəxəssislərini cari ilin mart ayında Azərbaycana təlim səfərinə göndərmişdir. Bununla əlaqədar olaraq, 07–11 mart 2016-cı il tarixlərində DƏDRX-in və İTMİM-in inzibati binalarında Tacikistan Respublikasının mütəxəssisləri üçün müvafiq mövzular üzrə təlimlər təşkil edilmişdir.
Daşınmaz əmlakın və əmlak üzərində mülkiyyət hüquqlarının qeydiyyatı, habelə kadastr fəaliyyəti sahəsində ikitərəfli əməkdaşlıq əlaqələrinin qurulması məqsədi ilə Niderland Krallığının Kadastr, Daşınmaz Əmlakın Qeydiyyatı və Xəritəçəkmə üzrə Agentliyi və Avstriya Respublikasının Kadastr və Xəritəçəkmə Agentliyi ilə yazışmalar aparılmış və əməkdaşlıq haqqında Anlaşma Memorandumlarının layihələri hazırlanaraq işçi qaydada müqabil tərəflərə göndərilmişdir. Hazırda Memorandum layihələri baxılmaqdadır. Eyni zamanda, Ukrayna, Gürcüstan və Moldovanın müvafiq dövlət qurumları ilə kadastr və daşınmaz əmlakın qeydiyyatı sahəsində əməkdaşlıq əlaqələrinin qurulması ilə bağlı təkliflər hazırlanmışdır.
ABŞ-ın Azərbaycan Respublikasındakı Səfirliyinin müraciətinə uyğun olaraq, Azərbaycan Respublikası Xarici İşlər Nazirliyinin razılığı əsasında Səfirliyin İqtisadi məsələlər şöbəsinin müdiri xanım Zinat Sayedlə Komitədə görüş təşkil edilmiş, Azərbaycanda həyata keçirilən özəlləşmə prosesi, eləcə də Komitənin bu sahədə gördüyü işlər, istər yerli, istərsə də xarici investorlar üçün özündə geniş informasiya blokunu əks etdirən Özəlləşdirmə Portalı barədə Səfirliyin nümayəndəsinə məlumat təqdim edilmişdir. 

 

 

 

 

  • Beynəlxalq əməkdaşlıq əlaqələrinin genişləndirilməsinə dair təkliflər

 

Komitənin fəaliyyət istiqamətləri üzrə, o cümlədən torpaq ehtiyatlarından istifadənin dövlət idarəetməsinə, torpaq bazarının təşkilinə, daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatına alınmasına, daşınmaz əmlakın vahid dövlət kadastrının, dövlət torpaq kadastrının aparılmasına, dövlət mülkiyyətində olan torpaqların özəlləşdirilməsinə və icarəyə verilməsinə dair normativ-hüquqi bazanın təkmilləşdirilməsi və beynəlxalq təcrübəyə uyğunlaşdırılması istiqamətində Müstəqil Dövlətlər Birliyi, Şərqi Avropa və Baltikyanı ölkələrin, eləcə də beynəlxalq təşkilatların daşınmaz əmlak idarəçiliyi və daşınmaz əmlakın idarə olunması və özəlləşdirilməsi sistemləri, o cümlədən dövlət torpaqları ilə bağlı mülkiyyət və digər hüquqların qeydiyyatı prosesləri araşdırılaraq müqayisəli təhlili aparılmış və sistemləşdirilərək müvafiq təkliflər hazırlanmışdır.

 

 

  • Beynəlxalq və regional iqtisadi təşkilatlarla əməkdaşlıq

 

“Cityscape Global” Şirkətlər Birliyinin dəvəti ilə 2016-cı ilin 5–6 sentyabr tarixlərində Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi sədrinin rəhbərlik etdiyi nümayəndə heyəti Birləşmiş Ərəb Əmirliklərinin Dubay şəhərində səfərdə olmuşdur. Səfərin məqsədi daşınmaz əmlak məsələlərinə həsr edilmiş konfrans və Daşınmaz Əmlak Sərgisi çərçivəsində daşınmaz əmlak bazarına dair icmal, eləcə də daşınmaz əmlak idarəçiliyinin müxtəlif aspektlərinə aid proqramlar üzrə əmlak kadastrı məsələlərinin müzakirəsi, habelə daşınmaz əmlak idarəçiliyinin normativ və texniki prinsiplərinin qəbul edilməsində iştirak edərək, Azərbaycanda daşınmaz əmlak idarəçiliyi sisteminin təkmilləşdirilməsi istiqamətində görüləcək işlərlə bağlı bu sahədə uğurla fəaliyyət göstərən ölkələrin qabaqcıl təcrübəsi ilə yaxından tanışlığın həyata keçirilməsi olmuşdur.
BMT-nin Avropa İqtisadi Komissiyası (AİK) ilə səmərəli əməkdaşlıq əlaqələri davam etdirilmiş, AİK-in Daşınmaz Əmlak İdarəçiliyi üzrə İşçi Qrupunun fəaliyyət istiqamətlərindən irəli gələn işlərin görülməsi davam etdirilmişdir. Belə ki, İşçi Qrupunun fəaliyyəti ilə əlaqəli olan bir sıra sənədlərin layihələri hazırlanaraq baxılmaq üçün İşçi Qrupu Bürosunun üzvlərinə, üzv dövlətlərin aidiyyəti təşkilatlarına və BMT Avropa İqtisadi Komissiyasının Katibliyinə göndərilmişdir. Büro üzvləri ilə Büronun qarşısında duran vəzifələrin icra vəziyyəti şifahi və elektron şəkildə müzakirə edilmişdir. Hazırda bu istiqamətdə işlər davam etdirilir.
Bununla yanaşı, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin əməkdaşı BMT AİK-in Mənzil Təsərrüfatı və Daşınmaz Əmlakın İdarə Edilməsi Komitəsinin cari ilin 13-14 sentyabr tarixlərində İsveçrə Konfederasiyasının Cenevrə şəhərində keçirilən 77-ci sessiyasında iştirak edərək onun işinə sədrlik etmiş, aidiyyəti mövzularla bağlı AİK-ə üzv olan 56 dövlətin təmsilçiləri arasında müzakirələr təşkil etmiş və 5 müxtəlif təqdimatla çıxış etmişdir. Sessiyanın sonunda keçirilən açıq səsvermə nəticəsində Komitənin əməkdaşı BMT AİK-in Daşınmaz Əmlak İdarəçiliyi üzrə Hökumətlərarası İşçi Qrupu və onun Bürosunun sədri olmaqla yanaşı, həmçinin BMT AİK-in Mənzil Təsərrüfatı və Daşınmaz Əmlakın İdarə Edilməsi Komitəsi sədrinin birinci müavini seçilmişdir. 
Komitənin əməkdaşı 13–18 mart 2016-cı il tarixlərində Amerika Birləşmiş Ştatlarının Vaşinqton şəhərində BMT AİK-lə Dünya Bankının “Daşınmaz Əmlak və Yoxsulluq” mövzusunda keçirilmiş İllik Konfransında iştirak edərək onun 5 müxtəlif sessiyasına sədrlik etmişdir.
Yuxarıdakılarla yanaşı, Komitənin əməkdaşı 17–18 may 2016-cı il tarixlərində Rumıniya Respublikasının Buxarest şəhərində BMT AİK-in Daşınmaz Əmlak İdarəçiliyi üzrə İşçi Qrupunun “Əmlakın qeydiyyatı – fəal daşınmaz əmlak bazarının yaradılması və davamlı əmlak idarəçiliyinin inkişafına dəstək: Təhsil, Bilik, Uğur” mövzusunda keçirilmiş beynəlxalq seminarında və 28 iyun 2016-cı il tarixində Avstriya Respublikasının Vyana şəhərində BMT AİK-in Daşınmaz Əmlak İdarəçiliyi üzrə İşçi Qrupunun Bürosunun fövqəladə iclasında iştirak edərək bu tədbirlərə sədrlik etmiş, təqdimatlarla çıxış etmiş və müzakirələr təşkil etmişdir.  
2004-cü ildən Dünya Bankı və Beynəlxalq Maliyyə Korporasiyası tərəfindən aparılan “Doing Business” icmalının “Qeydiyyata alınan əmlak və kadastr məsələləri” adlı bölməsi üzrə sorğu vərəqəsi və “Doing Business 2017” sorğusunun “Daşınmaz əmlakın qeydiyyatı” bölməsinə aid suallar cavablandırılaraq Dünya Bankının Katibliyinə təqdim edilmişdir. Bununla yanaşı, icmalla bağlı aydınlaşdırıcı suallar aidiyyəti üzrə cavablandırılmış və Dünya Bankının rəsmiləri ilə təşkil edilən videokonfransda iştirak edilərək Azərbaycanda bu sahədə həyata keçirilən işlər barədə onlara müfəssəl məlumatlar verilmişdir.  
Komitənin əməkdaşı Avropa İttifaqı (Aİ) ilə Azərbaycan Respublikası arasında Ticarət, iqtisadi və əlaqədar hüquqi məsələlər üzrə Altkomitənin 27.09.2016-cı il tarixində Bakıda keçirilən 14-cü islasında iştirak edib dövlət əmlakının idarə edilməsi və özəlləşdirilməsi sahəsində Azərbaycanda son bir il ərzində həyata keçirilən işlər barədə təqdimatla çıxış etmiş, Aİ ekspertlərinin suallarını aidiyyəti üzrə cavablandırmışdır. Aİ ekspertləri Azərbaycanda həyata keçirilən özəlləşdirmə prosesindən razı qaldıqlarını bildirmişlər.
Komitənin əməkdaşı Azərbaycan Respublikasının Ümumdünya Ticarət Təşkilatına (ÜTT) üzvolma prosesi çərçivəsində yaradılmış İşçi Qrupunun Cenevrə şəhərində keçirilmiş növbəti iclasında iştirak edərək, Azərbaycanda həyata keçirilən özəlləşdirmə siyasəti barədə ətraflı təqdimatla çıxış etmiş və ÜTT-yə daxil olan dövlətlərin suallarını aidiyyəti üzrə cavablandırmışdır.  
Kadastr profilli müxtəlif istiqamətlər üzrə işlərin sürətləndirilməsi və Məkan Məlumatları İnfrastrukturunun yaradılması sahəsində geniş təcrübəyə və əməkdaşlıq şəbəkəsinə malik olan “EuroGeographics” beynəlxalq təşkilatı ilə əməkdaşlıq əlaqələrinin davamlı inkişaf etdirilməsinə xüsusi diqqət yetirilərək zəruri tədbirlər görülməkdədir.
27 may 2016-cı il tarixində Daşınmaz Əmlakın Qeydiyyatı layihəsi ilə bağlı KfW Bankının missiyasının meneceri ilə Komitədə görüş keçirilmişdir. Görüşdə Komitə tərəfindən həyata keçirilən layihələrlə bağlı qarşı tərəfi maraqlandıran suallar cavablandırmışdır.
Qeyd edilənlərlə yanaşı, Almaniyanın Beynəlxalq Əməkdaşlıq Təşkilatının (GIZ) təşəbbüsünə əsasən, kadastr məlumatlarının mübadiləsini təmin etmək məqsədi ilə ƏMDK, Gəncə şəhəri və Şəki rayonu icra hakimiyyətləri orqanları və müvafiq bələdiyyələr arasında Anlaşma Memorandumlarının layihələri hazırlanmış və yerlərdə imzalanması təmin edilmişdir. Anlaşma Memorandumunda Tərəflərin bütün növ daşınmaz əmlaklarla bağlı kadastr məlumatlarının qarşılıqlı surətdə bir-birinə təqdim etmələri barədə hüquq yaratmayan öhdəlikləri, eləcə də bu öhdəliklərin yerinə yetirilməsində GIZ-in göstərəcəyi texniki yardım və məsləhətlər sahəsində fəaliyyəti qeyd edilmişdir. Hazırda Memorandumların icrası istiqamətində zəruri işlər görülür. Həmçinin Komitənin beynəlxalq təşkilatlarla əməkdaşlıq əlaqələrinin genişləndirilməsi çərçivəsində GIZ ilə əməkdaşlıq hədəflərinin genişləndirilməsi barədə təkliflər hazırlanmışdır.
Komitənin əməkdaşları Torpaqların Konsolidasiyası üzrə Milli Strategiyanın hazırlanmasına dəstək və Torpaqların Konsolidasiyası üzrə Pilot Layihə çərçivəsində BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatının (UN-FAO) 29.09.2016-cı il tarixində Bakıda təşkil etdiyi ilkin seminarda iştirak etmiş, müvafiq təkliflərlə çıxış etmişlər.

 

 

  • Beynəlxalq təlimlərdə iştirak

 

Malayziya Texniki Əməkdaşlıq Proqramı tərəfindən 25 iyul – 19 avqust 2016-cı il tarixlərində “Torpaqların qiymətləndirilməsi” mövzusunda Malayziyada keçirilmiş təlim kurslarında Komitənin nümayəndəsi iştirak etmişdir.  
27.09.2016-cı il tarixində GIZ-in Almaniyadan olan eksperti tərəfindən Komitə yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin işçi heyəti üçün Bakı şəhərində “Daşınmaz əmlakın qeydiyyatı sahəsində Avropa ölkələri və Almaniyanın təcrübəsi” mövzusunda seminar təşkil edilmişdir.  
Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət Qulluğu Məsələləri üzrə Komissiya ilə (GIZ) tərəfindən birgə həyata keçirilən “Avropa İttifaqı məsələləri diqqətdə saxlanılmaqla dövlət qulluğunda təlim potensialının gücləndirilməsinə dəstək Layihəsi” çərçivəsində Şəki və Gəncə şəhərlərində keçirilmiş təlimlərdə Komitənin nümayəndələri iştirak etmişlər.

 

 

  • Komitə nümayəndələrinin xarici xidməti ezamiyyətləri

 
Hesabat dövründə Komitənin 7 əməkdaşı tərəfindən 10 xarici dövlətə 10 xidməti ezamiyyət və 1 təlim səfəri həyata keçirilmişdir. Bu ölkələrə Amerika Birləşmiş Ştatları, Rumıniya Respublikası, Avstriya Respublikası, İsveçrə Konfederasiyası, Birləşmiş Ərəb Əmirlikləri, Türkmənistan, Rusiya Federasiyası, Qazaxıstan Respublikası, Malayziya və Sloveniya Respublikası daxildir.

 

 

  • “Beynəlxalq təcrübə” güşəsi

 

Komitədə “Beynəlxalq təcrübə” guşəsi yaradılmışdır. Guşədə Komitə əməkdaşlarının xarici xidməti ezamiyyətləri çərçivəsində iştirak etdikləri beynəlxalq və ikitərəfli tədbirlər zamanı beynəlxalq təşkilatların və xarici dövlətlərin müvafiq qurumlarının əldə etdikləri nailiyyətləri və qabaqcıl təcrübələrini əks etdirən jurnal, kitab, buklet və sair mətni və qrafik materiallar toplanmışdır. Guşənin yaradılmasında məqsəd Komitə əməkdaşlarının Komitənin vəzifə və funksiyalarına aid müxtəlif mövzularda beynəlxalq təcrübə ilə sərbəst tanışlığının təşkil edilməsidir. Guşənin daxili biblioqrafik-ekspozisiya resursu mütəmadi genişləndirilir.

 

 

  • Bakıda keçiriləcək Daşınmaz Əmlak və İnvestisiya Sərgisinə hazırlıq

 

Cari ilin 22–24 noyabr tarixlərində Əmlak Məsələləri Dövlət Komitəsinin həmtəşkilatçılığı ilə Bakı ExPo Mərkəzində keçiriləcək Azərbaycanın İkinci Beynəlxalq Daşınmaz Əmlak və İnvestisiya Sərgisi, habelə sərgi çərçivəsində İnvestisiya Konfransının təşkili istiqamətində zəruri işlər görülür.

 

 

  • Xarici tərəfdaşların iştirakı ilə həyata keçirilən layihələrin əlaqələndirilməsi

 

Komitənin iştirakçısı olduğu xarici və beynəlxalq layihələr haqqında məlumatların toplanması və vahid mənbədən əlaqələndirilməsi ilə bağlı ƏMDK yanında Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidməti, Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti, İnformasiya Texnologiyaları və Məlumat İdarəetmə Mərkəzi və Komitənin digər aidiyyəti qurumları tərəfindən həyata keçirilən “Kadastr və Daşınmaz Əmlakın Qeydiyyatı” layihəsi və “Torpaqların Elektron Kadastr Uçotu İnformasiya Sistemi”nin hazırlanması ilə bağlı cari ilin 9 ayı ərzində görülmüş işlər barədə məlumatların təhlili həyata keçirilmişdir