İlkin satış qiyməti baha olmayan kifayət qədər əmlaklar özəlləşdirilməyə çıxarılıb

Əmlak Məsələləri Dövlət Komitəsi tərəfindən 5 iyun tarixində dövlət əmlakının özəlləşdirilməsi üzrə növbəti hərrac keçiriləcək. Budəfəki hərracda müxtəlif çeşidli 190 dövlət əmlakı öz sahibini axtarır. Bunlardan 21-i səhmdar cəmiyyətləri, 98-i kiçik dövlət müəssisə və obyekti, 69-u istifadəsiz qeyri-yaşayış sahəsi, 2-si isə nəqliyyat vasitəsidir.  

Qeyd edilməlidir ki, dövlət əmlakının özəlləşdirilməsi sahəsində elektron hərracın tətbiqi investorların işini xeyli sadələşdirib. Sistem sərmayəçilərə hərraclara istənilən yerdən internet vasitəsilə onlayn şəkildə qatılmaq imkanları yaradır. Onlayn qatılmaqla yanaşı hərraclarda elektron qaydada qeydiyyatdan keçmək, iştirakçı statusu qazanmaq üçün sifariş vermək, qeydiyyatdan keçmədən onlayn izləmək imkanları mövcuddur. Bütün prosesləri Komitənin rəsmi səhifəsi olan emdk.gov.az, privatization.az saytına, Elektron Hökumət portalına daxil olmaqla yerinə yetirmək mümkündür. Bununla da hərrac prosesi tam elektronlaşır.

Alıcılar bu hərracda da məişət, iaşə, qida, toxuculuq sahəsinə aid olan kiçik dövlət müəssisəsi və obyektlərini özəlləşdirmək imkanına malikdir. Eyni zamanda təmir, sənaye, nəqliyyat sahəsində biznesini qurmaq istəyənlər üçün də kifayət qədər müəssisələr var. Bu əmlaklar paytaxtla yanaşı Gəncə, Sumqayıt, Cəlilabad, Tərtər, Yardımlı, Beyləqan və digər şəhər və rayonlarda yerləşir.

Prosesə çıxarılan kiçik dövlət müəssisəsi və obyektinin əksəriyyəti torpaq sahəsi ilə birlikdə özəlləşdiriləcək. Həm torpaq sahəsinin, həm də tikilinin ayrıca qiymətləndirilməsi aparılıb.

Investorlar üçün maraqlı ola biləcək əmlaklardan biri "Çinar" soyuducular zavodunun Şəmkir filialıdır. Sərmayəçi adı çəkilən əmlaka kapital yatırmaqla biznesini sənaye sahəsində fəaliyyətini genişləndirə bilər. Həmin əmlakın ümumi faydalı sahəsi 2 min 100 kv.m-ə yaxın, torpaq sahəsi isə 27 min kv.mdən çoxdur. Ərazisinin geniş olması isə investora əlavə iqtisadi fayda gətirə bilər. 

İlkin satış qiyməti o qədər də baha olmayan klub və mədəniyyət evləri özəlləşdirilir. Məsələn alıcı 630 manat beh ödəməklə Tel kənd klubunun özəlləşdirilməsində iştirak edə bilər. Əmlak xidmət sahəsində sahibinə yaxşı gəlir gətirə bilər.

Hərraca çıxarılan əmlakların siyahısı ilə tanış olmaq üçün aşağıdakı linkdən istifadə etmək kifayətdir.

http://privatization.az/index.php/az/component/content/article?layout=edit&id=4085

Prosesə çıxarılan əmlaklara istənilən şəxs, investorlar sifariş verə bilər. Ziyarətçilər isə özəlləşdirmə portalında sifariş verdiyi əmlakla bağlı bütün məlumatlarla tanış ola bilərlər. Əmlakın  adı, ünvanı, sahəsi, ilkin start qiyməti və digər informasiyalar portalda yerləşdirilib. 

Əmlak Məsələləri Dövlət Komitəsi yerli və xarici investorları, sahibkarları, iş adamlarını və mülkiyyət sahibi olmaq istəyən hər bir kəsi özəlləşmədə fəal iştirak etməyə dəvət edir

 
 
 

Sorğu

"Kadastr kalkulyatoru" xidmətindən istifadə etmisinizmi?