Komitə milli iqtisadiyyatın perspektivi üzrə Strateji Yol Xəritəsindən irəli gələn məsələləri 70% icra edib: Özəlləşdirilmə sahəsində görülən işlər üstünlük təşkil edir

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən iqtisadiyyatın şaxələndirilməsi,  qeyri-neft sektorunun daha da inkişaf etdirilməsi, özəl təşəbbüslərə dəstək vermək, iqtisadiyyatda xammal-emal-istehsal zəncirinin təmin edilməsi məqsədi ilə özəlləşdirmənin sürətləndirilməsi, bu sahədə innovasiyaların və yeni yanaşmaların tətbiqi ilə bağlı bir sıra tapşırıqlar verilmişdir. Bu amillər ölkə rəhbərliyi tərəfindən təsdiq edilmiş Strateji Yol Xəritəsində, habelə “Dövlət əmlakının özəlləşdirilməsinin sürətləndirilməsi və idarə edilməsinin səmərəliliyinin artırılması ilə bağlı bəzi tədbirlər haqqında” Fərmanında da əksini tapır. Bu məqsədlə, Əmlak Məsələləri Dövlət Komitəsi özəlləşən müəssisələrin fəaliyyətinin genişləndirilməsi, həmin müəssisələrdə rəqabət qabiliyyətli məhsulların hazırlanması, onların xarici bazarlara çıxış imkanlarının artırılması ilə bağlı genişmiqyaslı tədbirlər həyata keçirir. Qeyd edilən fərmana, Strateji Yol Xəritəsinə əsasən Əmlak Məsələləri Dövlət Komitəsi özəlləşdirmə prosesinin sürətləndirilməsi, özəlləşdirmə gündəliyinin uğurla icrası və prioritet sektorlarda özəlləşdirmənin həyata keçirilməsi, özəlləşdirmə və birbaşa xarici investisiya üçün uyğun investorların cəlb olunması ilə bağlı işləri davam etdirir. Eyni zamanda əlverişli biznes mühitinin yaradılmasında hökumətin aparıcı rolunun daha da gücləndirilməsi, təşviqedici mühitin yaxşılaşdırılması vasitəsilə biznesin davamlılığının möhkəmləndirilməsi istiqamətində tədbirlər həyata keçirir. Komitə bu sahədə müasir çağırışlara uyğun yeni yanaşmalar tətbiq edir, prosedurları sadələşdirir, elektron xidmətlərin sferasını genişləndirir.

Bunun nəticəsidir ki, Strateji Yol Xəritəsinin 2017-ci ilin birinci yarısının monitorinq və qiymətləndirmə nəticələrində Əmlak Məsələləri Dövlət Komitəsi ümumi hədəflər üzrə qurumlar arasında ilk onluqda qərarlaşıb. Komitə milli iqtisadiyyatın perspektivi üzrə isə Strateji Yol Xəritəsindən irəli gələn məsələləri 70% icra etmişdir.

Qeyd edilməlidir ki, özəlləşmə prosesinə xarici investorların cəlb edilməsi məqsədilə Almaniya, ABŞ, Fransa, Ukrayna, Rusiya Çin, Türkiyə, Hindistan, İngiltərə, İran, BƏƏ-dən olan potensial investorlarla görüşlər keçirilmişdir. Dünya reytinqində ilk 20-liyə daxil olan 10-a yaxın məsləhətçi şirkətin nümayəndələrinə özəlləşdirmə prosesi haqqında məlumatlar verilmişdir.

Özəlləşməyə açılan sahələr, investisiya mühiti və özəlləşdirmə gündəliyi, hərrac prosedurları və digər məsələlər barədə 500-ə yaxın şirkətə, 40-a yaxın investisiya fonduna, beynəlxalq konsaltinq şirkətinə müraciətlər ünvanlanmış və özəlləşmədə iştiraka dəvət olunmuşdur.

Özəlləşdirilmə prosesinə yatırılan əcnəbi sərmayələrin artırılması məqsədilə, Amerika Ticarət Palatası, Türkiyə-Azərbaycan İş Adamları və Sənayeçilər İctimai Birliyi, Almaniya-Azərbaycan Xarici Ticarət Palatası, Qara Dəniz İxracatçılar Birliyi ilə birgə əməkdaşlıq istiqamətində işlər görülmüşdür. Bundan başqa iri investorların ölkə iqtisadiyyatına cəlb edilməsi məqsədilə keçirilən Beynəlxalq Əmlak və İnvestisiya sərgisi ötən ildə olduğu kimi bu il də 23-25 noyabr tarixində Bakı Expo Mərkəzində keçiriləcəkdir. Və özəlləşmə sahəsinə investisiyalar mövzusunda beynəlxalq konfrans təşkil olunacaqdır.

Türkiyə, Amerika, Polşa və Latviyada keçirilən müxtəlif forumlarda iştirak etmiş Komitə nümayəndələri tərəfindən sənaye, nəqliyyat, xidmət, səhiyyə, turizm, kənd təsərrüfatı və digər iqtisadi sahələrə aid özəlləşməyə çıxarılan müəssisələrin profilləri barədə təqdimatlar edilmişdir. Həmçinin paytaxt və bölgələrdə də yerli iş adamlarına yönəlik özəlləşmənin faydaları, üstünlükləri və digər məsələlərlə bağlı İşgüzar Forumlar təşkil olunur. 

Özəlləşdirmə prosesinə investorların daha fəal cəlb edilməsi məqsədilə Azərbaycan Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyası (ASK) ilə əməkdaşlıq haqqında memorandumun imzalanmışdır. Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondu (AZPROMO) ilə Əməkdaşlıq Memorandumunun imzalanması istiqamətində işlər görülür. Bu işlərin davamı olaraq Azərbaycan Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyası və AZPROMO-nun iştirakı ilə 120-yə yaxın iri yerli holdinq, şirkət, assosiasiya və iş adamının qatıldığı işgüzar forum keçirilmişdir.

Özəlləşdirmə prosesində hərraclara daha çox üstünlük verilir. Çünki belə şəraitdə dövlət əmlakının özəlləşdirilməsi daha optimal, rahat və operativ qaydada reallaşır, əmlaklara investisiyaların cəlbi sürətlənir. Özəlləşdirilən müəssisələrin maddi-texniki bazası yenidən qurularaq biznes obyektinə çevrilir. Fəaliyyəti tam gücü ilə bərpa edilən müəssisələrə yeni işçilər cəlb edilir. Bu isə öz növbəsində ölkədəki iqtisadi aktivliyə müsbət təsirini göstərir. Hərraclara çıxarılan dövlət əmlakları çox çeşidlidir. Prosesdə səhmdar cəmiyyətlərin səhm paketləri, kiçik dövlət müəssisələri, istifadəsiz qeyri-yaşayış sahəsi, nəqliyyat vasitələri özəlləşdirilir. Müəssisələr sənaye, tikinti, xidmət, nəqliyyat, turizm və digər iqtisadi sahələri əhatə edir.

Belə hərraclar hər kəsin iştirakı üçün açıqdır, yəni istənilən şəxs hərraclara həm iştirakçı qismində qatıla, həm də ziyarətçi  olaraq canlı izləyə bilər. Paytaxtla yanaşı regionlarda da hərraclar keçirilir. Hərracların gedişatını canlı olaraq izləmək mümkündür. Qeyd edilməlidir ki, 2017-ci ildə artıq 40-a yaxın hərrac keçirilmiş, 1400-ə yaxın dövlət əmlakı özəlləşdirilməyə çıxarılmışdır. Komitə vətəndaşların işinin sadələşdirilməsi üçün bu sahədə də elektron xidmətlərin sayını artırır. 36 elektron xidmətdən 9-u özəlləşdirilmə sahəsinə aiddir.

Komitənin innovativ addımlarından biri nəqliyyat vasitələri və avadanlıqların özəlləşdirilməsi üzrə tətbiq olunan elektron hərraclardır. Yaxın vaxtlarda isə bütün növ dövlət əmlakının özəlləşdirilməsi elektron hərrac vasitəsilə mümkün olacaq. Elektron hərracda iştirak etmək istəyən şəxs Əmlak Məsələləri Dövlət komitəsinin rəsmi saytına (e-emdk.gov) və ya Elektron Hökumət Portalına (e-gov.az ) daxil olaraq müvafiq bölməni seçir. Hərracda qeydiyyatdan keçmək, sifariş vermək də elektron qaydada həyata keçirilir Qeyd edilməlidir ki, vətəndaş hərrac günü mənzilini tərk etmədən internet vasitəsilə onlayn olaraq sifariş verdiyi əmlakın hərracına qoşula bilir. Məlumat üçün bildirilməlidir ki, keçirilən hərracların qaliblərindən bəziləri internet vasitəsilə onlayn qoşulan sifarişçilər olub. Bundan başqa vətəndaşın qeydiyyatdan keçmədən elektron hərracın gedişatını canlı izləmək imkanı da var.  Nəticədə isə hər bir şəxs istənilən yerdən hərraca qoşulur, vətəndaşın vaxt itkisi aradan qaldırılır, özəlləşdirilmə prosesi daha da sürətlənir.

Komitə qabaqcıl ölkələrin özəlləşdirmə təcrübəsini, həmin dövlətlərdə tətbiq olunan müasir özəlləşdirmə prosedurları və metodlarını da öyrənir. Uzun müddət fəaliyyətsiz olan dövlətə məxsus istehsal müəssisələrinin özəlləşmədən sonra fəaliyyəti uğurla bərpa edilir. Bu zaman xüsusən regionlarda yerləşən fəaliyyət göstərməyən müəssisələrin investisiya müsabiqələri vasitəsilə özəlləşdirilməsinə üstünlük verilir.