Əmlak Məsələləri Dövlət Komitəsinin sədri Kərəm Həsənov Salyan rayonunda vətəndaşların müraciətlərinə baxıb

Mərkəzi icra hakimiyyəti orqanları rəhbərlərinin regionlarda vətəndaşların qəbulu cədvəlinə uyğun olaraq Əmlak Məsələləri Dövlət Komitəsinin sədri Kərəm Həsənov 29 sentyabr 2017-ci il tarixində Salyanda vətəndaş qəbulu keçirib. Qəbulda Salyan ilə yanaşı Neftçala, Biləsuvar rayonlarından olan vətəndaşlar da iştirak edib.

Qəbulda iştirak edən vətəndaşlar daşınmaz əmlakın sənədləşdirilməsi, habelə texniki pasportların alınması, torpaqların elektron kadastr uçotu sistemi, torpaqlardan düzgün istifadə qaydaları, dövlət əmlakının özəlləşdirilməsi ilə bağlı keçirilən hərraclarda regionlar üzrə iştirak qaydaları ilə bağlı müxtəlif səpkili müraciətlər səsləndiriblər. Müraciətlərin bir qismi torpaq sahələrinin dövlət qeydiyyatı, torpaqların texniki parametrlərinin və koordinatlarının müəyyənləşdirilməsi ilə bağlı olub. Fərdi həyət evi, həyətyanı torpaq sahələri, pay torpaqları, mənzillərə çıxarış alınması barədə də vətəndaşlar məsələlərini bildiriblər. Qəbulda iştirak edən vətəndaşların digər bir hissəsi isə özəlləşməyə çıxarılan ictimai iaşə, məişət, ticarət və digər sahələrə aid olan obyektlərin özəlləşdirilməsi ilə bağlı müraciətlər ediblər. 

Komitə sədri vətəndaşların hər birini dinləyərək bir sıra müraciətlərin dərhal həlli üçün tapşırıqlarını verib. Araşdırılması tələb olunan digər məsələlər üzrə müvafiq qurum rəhbərlərinə müraciətlərin həlli istiqamətində tapşırıqlar verib. Həmin gün birbaşa müraciət edən vətəndaşların da müraciətlərinə baxılıb.

Qəbulda iştirak edən vətəndaşların diqqətinə çatdırılıb ki, komitə tərəfindən həyata keçirilən torpaqların elektron kadastr uçotu informasiya sistemi məlumatları əsasında respublika üzrə yeni bələdiyyə xəritələri hazırlanması işləri davam etdirilir. Komitə sədri qeyd edib ki, artıq respublikanın 12 rayonunda torpaqların elektron kadastr uçotu işlərinin məlumatlarına istinad etməklə yeni bələdiyyə xəritələri hazırlanıb. Bələdiyyə torpaqlarının  elektron kadastr məlumat bazasında torpaq sahələrinin mülkiyyət növləri, həndəsi ölçüləri, sərhədləri, konfiqurasiyası, torpaqların kəmiyyət və keyfiyyət göstəriciləri əks olunur. Bunun nəticəsində torpaqlardan istifadədəki uyğunsuzluqlar aradan qaldırılır, qeydiyyatın daha da sadələşdirilməsinə şərait yaranır.

Komitə sədri Kərəm Həsənov qeyd edib ki, fəaliyyət sahəsi üzrə xidmətlərdən istifadə zamanı vaxt itkisinin minimuma endirilməsi, rahatlığın və operativliyin təmin edilməsi məqsədilə müxtəlif elektron xidmətlər istifadəyə verilib. İstifadəyə verilən “Elektron çıxarış” xidməti vasitəsilə əmlak sahibi müvafiq idarəyə gəlmədən, Elektron Hökumət Portalında (https://www.e-gov.az/az/services) yaradılacaq şəxsi kabinetindən elektron formada çıxarışını ala bilir. Digər elektron xidmət olan “Elektron hərrac” xidməti vasitəsilə isə artıq vətəndaşlar hərraclarda online şəkildə, olduqları məkanı tərk etməyərək internet üzərindən iştirak edirlər. Hərraclarda iştirak prosesi, əmlaklara sifariş verilməsi tamamilə onlinə şəkildə həyata keçirilir.

Daşınmaz əmlakın qeydiyyatında yeni tətbiq olunan 2 elektron xidmət də məhz vətəndaş məmnuniyyətinin artırılmasına yönəldilmiş addımlardandır. Yeni tətbiq olunan bu xidmətlərə əsasən vətəndaşlar öncədən alacağı mənzillərə çıxarışın verilib verilməyəcəyini və bazar qiymətini əvvəlcədən öyrənə biləcəklər.

Komitə sədri vətəndaşlara komitənin rahat və əlçatan xidməti olan “Kütləvi çıxarış” kampaniyası və mobil ofis xidmətlərindən istifadə etmək imkanlarını da xatırladıb. Bildirib ki, belə xidmətlər sayəsində vətəndaşın xidmətə müraciətinə ehtiyac qalmır, komitə özü qeydiyyat xidmətlərini ünvanlarda, kənd və qəsəbələrdə, ucqar yaşayış məkanlarında vətəndaşlara çatdırır.

Qəbulda vətəndaşlara özəlləşmə, torpaq idarəçiliyi, daşınmaz əmlakın qeydiyyatı və digər əlaqədar fəaliyyətlə bağlı mövcud qanunvericiliyin tələbləri izah olunub.

Komitə sədri qəbulda iştirak edən müvafiq sahə rəhbərlərinə əhaliyə göstərilən xidmətlərin keyfiyyətinin yüksəldilməsi, hər bir vətəndaşın müraciətinə fərdi yanaşılması barədə tapşırıqlar verib. Eyni zamanda fəaliyyət istiqamətləri üzrə qanunvericiliyin tələblərinin qorunması, fəaliyyət istiqamətlərində şəffaflığın və vətəndaş məmnunluğunun təmin edilməsi, müraciətlərə operativ şəkildə baxılması üzrə göstərişlər verib.